3.2 Antiböhran tədbirlərinin tədiyə balansına təsirinin təhlili və qiymətləndirilməsi Maliyyə böhranının təsirləri, dünya maliyyə bazarında baş verən dəyişikliklər, neftin qiymətinin kəskin ucuzlaşması, bir sıra ölkələrdə iri bankların və şirkətlərin müflisləşməsi kütləvi işsizliyə, dünya iqtisadiyyatının durğunluq dövrünü yaşamasına və nəticə etibarı ilə qlobal iqtisadiyyatın tənəzzül dövrünə keçməsinə səbəb olmuşdur. Böhranın qarşısını almaq və onun təsirini minimallaşdırmaq üçün antiböhran tədbirləri görülür, dünyanın aparıcı dövlətləri tərəfindən istehsalı bərpa etmək və bankları risklərdən qorumaq üçün maliyyə yardımları göstərilir. 2008-ci ildə Azərbaycanın maliyyə sektoru tərəfindən görülən bir sıra adekvat tədbirlər: Mərkəzi Bankın pul siyasətinin yumşaldılması, faiz dərəcələrinin bir neçə dəfə aşağı salınması, məzənnə siyasətində dəyişkənliyin sabitliyin təmin edilməsinə yönəldilməsi və ehtiyat tələblərinin faizlərinin aşağı salınması nəticəsində ümumilikdə bankların vəziyyətinin sabitləşməsinə, likvidliyinin dayanıqlılığına nail olunmuşdur. Dünya Bankının məlumatına görə, 2008-ci ilin ikinci yarısından başlayan qlobal iqtisadi böhran Azərbaycana pul daxilolmalarını kəskin şəkildə azaltmışdır. Əsasən Rusiyadan daxil olan pulların 2009-cu ilin sonuna kimi daha 10 faiz azalacağı gözlənilir. DB-nin məlumatına görə, bu proses nəinki Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində baş verir. Belə ki, 2009-cu ildə xarici ölkələrdə işləyənlərin vətənə göndərdiyi pullar təqribən 7-10 faiz azalmışdır. Qlobal böhranın ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün 2008-ci ilin sonlarından başlanan pul siyasətinin yumşaldılması davam etdirilmişdir. Ölkədə inflyasiya gözləntilərinin azalmasını nəzərə alaraq və işgüzar fəallığın yüksəldilməsi məqsədilə hesabat dövrü ərzində uçot dərəcəsi 8%-dən 3%-ə, faiz dəhlizinin yuxarı həddi isə 13%-dən 8%-ə endirilmişdir. Məcburi ehtiyat normaları 6%-dən 0.5%-ə salınmışdır. Beləliklə, qlobal maliyyə böhranının (2008) yayılması kontekstində Azərbaycanda maliyyə sabitliyi qorunub saxlanılması ilə səciyyələnmış, bank sistemində sabitlik və artım dinamikası təmin olunmuşdur. Xüsusilə Azərbaycan Mərkəzi Bankının məzənnə siyasəti makroiqtisadi sabitliyin qorunmasında təqdirəlayiqdir. Nəzərə alsaq ki, yalnız 2009-cu ilin I rübundə Rus rublunun devalvasiya səviyyəsi 12%, Türk lirəsi 10%, Qazax təngəsi 20%, Ukrayna qrivnası 54%, Belarus rublu 34% və Erməni dramı 20% təşkil etdiyi halda, Azərbaycan Manatının ABŞ dollarına qarşı məzənnəsi il ərzində 5,2 % möhkəmlənmişdir. İl ərzində bank sektorunun aktivləri 52,7% (müqayisə üçün 2007-ci ildə -78%), kapital 47,8% (93%), iqtisadiyyata kreditlər isə 53,5% (98%) artmışdır. Bank aktivlərinin ÜDM-ə nisbəti ilin əvvəlindəki 25,1%-dən 27%-ə (qeyri-neft ÜDM-ə müvafiq olaraq 70,5%-dən 69,6%-ə), kapitalın ÜDM nisbəti 3,8%-dən 3,9%-ə (qeyri-neft ÜDM-ə nisbətən 10,6%-dən 10,1%-ə), iqtisadiyyata kreditlərin ÜDM-ə nisbəti 17%-dən 18,4%-ə (qeyri-neft ÜDM-ə nisbətən 47,8%-dən 47,4%-ə) yüksəlmişdir. Dünya maliyyə böhranının təsirlərinə baxmayaq, Azərbaycanın bank sistemində mülkiyyətçi və yeni investorların əlavə vəsaitləri hesabına il ərzində xarici sərmayələrin həcmində 57% artım olmuş və 01.01.2009-cu il tarixinə 159 mln.manat (bank sisteminin məcmu nizamnamə kapitalının 16%-i) təşkil etmişdir. Banklara inamın artırılması yolunda ən inamlı addımlardan biri də Azərbaycan Respublikasının Milli Məclisi 08 may 2009-cu il tarixdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul etməsidir. Qəbul olunmuş Qanuna əsasən, illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Respublikası Mərkəzi Bankı ilə razılaşdırmaqla Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası müəyyən edir. 10 iyun 2009-cu il tarixdə keçirilmiş növbədənkənar iclasda Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Respublikası Mərkəzi Bankı ilə razılaşdırmaqla 15 faiz müəyyən etdi. Qanuna edilmiş dəyişikliyə əsasən, kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir. Bundan başqa, Qanuna dəyişikliyə uyğun olaraq hər hansı iştirakçı bankda sığorta hadisəsi baş verərsə, əmanətçilər sığortalanmış əmanətlər üzrə əmanətin 100%-i həcmində və maksimum 30.000 min manat məbləğində kompensasiya ala biləcəklər. Qeyd etmək lazımdır ki, bu, MDB məkanında ən yüksək kompensasiya məbləğidir. Müqayisə üçün qeyd edək ki, Qazaxıstanda kompensasiya məbləği 33 min, Rusiyada isə 25 min ABŞ dolları təşkil edir. Bu kimi antiböhran tədbirlərinə baxmayaraq, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları azalmışdır. Belə ki, bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2010-cu ilin fevral ayının 1-nə 5139,5 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 836,4 milyon dollar və ya 14 faiz azdır. Qeyd edək ki, ötən ilin ilk 4 ayında azalmalar daha kəskin olmuşdu, sonrakı dövrdə müəyyən dərəcədə baş verən dəyişikliklə bağlı olaraq avqust ayında valyuta ehtiyatları tədricən artıb. Dekabr və yanvar aylarında isə yenidən azalma baş verib. Mərkəzi Bank, artıq xeyli müddətdir ki, manatın kursunun qorunub saxlanması siyasəti yürüdür. Bu siyasətin həyata keçirilməsi üçün isə o, müəyyən məbləğ ehtiyatlarından keçməli olur. Belə ki, 2009-cu ildə manatın dollara nisbətən məzənnəsinin saxlanmasına Mərkəzi Bank 1,26 mlrd. ABŞ dolları xərcləmişdir ki, bunun da 1 mlrd. dolları birinci rübə təsadüf etmişdir . Bu hal isə, istər-istəməz, bankın valyuta ehtiyatlarının azalmasına gətirib çıxarmalı idi. Cari ilin ilk ayında da analoji azalma cüzi də olsa özünü göstərib. Proseslərin belə davam etməsi valyuta ehtiyatlarının cari ildə də azalma tendensiyası ilə gedəcəyindən xəbər verir. Düzdür, onun 2009-cu ildəki qədər azalacağı inandırıcı görünmür, amma bütün hallarda azalma baş verəcək. Sözügedən ehtiyatların azalması iki faktorla bağlıdır . Mərkəzi Bank 2008-ci ilin sonlarından başlayaraq manatın dollara nisbətdə məzənnəsini qoruyub saxlamaq üçün valyuta ehtiyatlarına intervensiya etməyə başlayıb. Bu isə Mərkəzi Bankın ehtiyatlarının bir qisminin məhz manatın məzənnəsinin qorunub saxlanması üçün istifadə edilməsinə gətirib çıxardı. Digər məqam isə onunla bağlıdır ki, Mərkəzi Bankın valyuta səbəti əksər hallarda onun itkilərlə üzləşməsinə gətirib çıxarıb. Dolların məzənnəsi azalan zaman ehtiyatların təxminən 80 faizi məhz bu valyuta ilə saxlanırdı. Adətən Mərkəzi Bank, məzənnələrin dəyişməsinə uyğun olaraq, öz valyuta ehtiyatlarını müxtəlif valyutalar üzrə bölüşdürür, bu da son nəticədə itkilərin yaranmasına gətirib çıxarır. Bütün hallarda bu itkilər iqtisadiyyatımıza öz mənfi təsirini göstərir və bizim bir çox iqtisadi lahiyələrimizin reallaşmasına maneə yaradır. M. Roman